8  MAY – AZƏRBAYCAN ÖYRƏNCİ GÜNÜ MÜNASİBƏTİLƏ

                          GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ

                                                       M Ü R A C İ Ə T İ

    Dəyərli Azərbaycan öyrənciləri!  

    Bildiyiniz  kimi, bünövrəsi milli demokratik dəyərlər üzərində qurulmuş  Güney Azərbaycan  milli
    azadlıq hərəkatının əsas məqsədi millətimizin  tarixi haqqı olan  milli hüquqları əldə etməkdən
    ibarətdir.
    Güney Azərbaycan milli hərəkatı hisslərə söykənən,  ani hadisələr törədən kortəbii bir proses deyil.
    Çünki, hərəkatın güc mərkəzini təşkil edən milli hərəkat fəalları milli düşüncə və davranış  
    sistemində müasir və demokratik əsaslara söykənərək mübarizə aparırlar.  Milli hərəkatın əsas
    təməlinin oluşdurulmasında  Azərbaycan Öyrənci hərəkatı önəmli rol oynayır.   Bu hərəkatın
    başladılmasında əsas rolu olan Azərbaycanın tanınmış  ziyalıları elmi potensiala  sahib öyrənci
    kəsimini milli hərəkata gətirməklə önəmli addım atmış oldular.   Bu ənənənin davam etdirilməsi
    hərəkatın sistemli şəkildə kütləviləşməsi deməkdir və  intellektual düşüncə sistemini milli hərəkata
    gətirərək aktivləşdirmə tezisi bu gün də gündəmdədir.
    1995 – ci ildən etibarən Azərbaycan öyrənci hərəkatı  milli məfkurəyə  əsaslanaraq,    fars
    şovinizminin uydurduğu saxta kimliyə, milli  ayrıseçkiliyə “yox” deməklə,  Azərbaycan milli azadlıq  
    hərəkatında  yeni bir mərhələnin  başlangıcını qoydu.  Azərbaycan türklüyünə  söykənən
    Azərbaycan öyrənci hərəkatı  Güney Azərbaycanımızın  milli, siyasi, mədəni və iqtisadi
    problemlərini milli hərəkatın gündəminə  daşımaq, bu problemlərin səbəblərini elmi şəkildə
    araşdırmaqla yanaşı, bundan  çıxış yollarını  axtarmaq istiqamətində  bir çox proseslərin  başlangıc
    mərhələsi olmuşdur.
    Öyrənci hərəkatı Güney Azərbaycan milli hərəkatının  tərkib hissəsi olmaqla yanaşı, həm də milli
    hərəkatın  prinsipial  dəyərlər sistemini qoruyur. Millətimizin strateji  hədəflərə çatmaq  üçün
    apardığı proseslərin təməl prinsiplərinin sarsılmaz inanc və milli demokratik dəyərlər üzərində
    qurulmasında Güney Azərbaycan öyrənci hərəkatının təmkinli  və qərarlı addımları zəruridir və milli  
    hərəkatın kütləviləşməsi üçün olduqca vacibdir.  
    Milli hərəkatımızın alt yapısının qüdrətli olması  həm də Millət və Vətən məfkurəsinin
    kütləviləşməsindən keçir. “Hər şey  millət və Vətən  üçündür!”  düşüncəsini  öyrəncilər öz fəlsəfi
    düşüncələri , elmi yazıları və praktiki fəaliyyətləri ilə   milli kimliyimizin ayrılmaz  parçasına
    çevirməlidirlər. Şübhəsiz ki, bu istiqamətdə atılan hər bir addım millətimizin sahib olduğu  iqtidar və
    gücü,  başda fars şovinizmi olmaqla,   bütün dünyaya göstərmiş olar. Belə olduğu təqdirdə  heç bir
    yabançı güc Güney Azərbaycan milli azadlıq  hərəkatının  əsas dayaq və vazkeçilməz prinsiplərinə  
    toxunma cəsarətini tapa bilməz. Bu həm də millətimizin həqiqi varlığını  inkar siyasətilə danan  fars
    şovinizminə  birdəfəlik “Dur!”  deməkdir. Milli hərəkatın öyrənci kəsimi  rejimin  hər hansı
    təxribatyönlü və  caydırıcı  oyunlarının təsirindən uzaq qalmaqla bərabər ,  milli hərəkatın inanc və
    dəyər sisteminin güclənməsində  davamlı fəaliyyət göstərməlidir.
    Azərbaycan öyrənci hərəkatı Güney Azərbaycanda gənc və intellektual kəsimin  yüksək səviyyədə
    aktivliyini  təmin etməklə yanaşı, həm də kütlə və ictimai – siyasi qurumlar arasında körpü olmalıdır.
    Belə olduqda  bütövlükdə  milli hərəkatımızın  sistemli inkişafı təmin edilər,   həmçinin kütlə və
    təşkilatlar  arasında  yeni bir  əlaqələndirmə sistemi yaranmış olar.  Bu əlaqələndirmə sistemində
    Azərbaycan milli hərəkatının doğru yolda  irəliləməsi tənzimlənəcəkdir.  Öyrənci hərəkatı kütlənin  
    milli maariflənmə prosesindəki fəaliyyətini  elə bir səviyyədə aparılmalıdır ki, Azərbaycanımızın milli,
    siyasi, ictimai, mədəni və iqtisadi  problemlərinin həlli  məqamında  parçalanmaya  yönəlmiş hər
    hansı  düşüncəyə yol verilməsin. Bu həm də milli mübarizəmizdə   milli ziyalı kəsimindən ibarət  güc
    mərkəzinin  formalaşması istiqamətində irəliyə atılacaq ən önəmli addım olacaq.
    Güney Azərbaycan İstiqlal Partiyası  19 ordibeheşt  ( 8 may )  Azərbaycan öyrənci günü
    münasibətilə  bütün Azərbaycan öyrəncilərini  və millətimizi təbrik edir! Inanırıq ki, uğrunda
    öləcəyimiz Vətənimiz Azərbaycan, sarılacağımız bayraq və əbədi uyuyacağımız Vətən torpağı
    uğrunda  şərəfli savaşımız  millətimizi qələbəyə qovuşduracaq!  

    Yaşasın Azərbaycan !
    Yaşasın  Azərbaycan Öyrənci Hərəkatı !



    GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASI

                                                                                                                   04.05.08