GAIP SOZÇUSU Saleh ildirim:
Bu, hakimiyyətdaxili nüfuz savaşıdır







Saleh İldırım: "Musəvi baş nazir olduğu zaman 36.000 adamın
edamına imza atıb" İranda baş verənlər dünya ictimaiyyətinin
diqqətindədir.
Konstitusiyaya Nəzarət Şurasının iyunun 12-də bu ölkədə keçirilən
prezident seçkilərinin nəticələrinin ləğvi barədə təklifi qəbul
etməməsi gərginliyi daha da artırır. Seçkilərdə prezidentliyə
namizəd olan və məğlubiyyəti ilə barışmayan müxalifətin lideri Mir
Hüseyn Musəvini dəstəkləyən qüvvələr Mahmud Əhmədnejadın
qələbəsini qəbul etmirlər. Elə buna görə də İran çalxalanmaqdadır,
hökumət M.Əhmədnejadın qələbəsini "həzm" etməyən və
seçkilərin nəticələrinin yenidən hesablanmasını tələb edənlərə qarşı
sərt tədbirlər görməkdədir. Ölən və yaralılar haqqında isə dəqiq və
rəsmi məlumatlar gizlədilir. Hətta İrandakı üsyanı yatırmaqdan ötrü
HƏMAS-ın qüvvələrindən istifadə edildiyi də bildirilir. Musəviyə
isə ya geri çəkilməsi, ya da ölkəni tərk etməsi təklifi verilibg

İranda prezident seçkilərindən sonra yaranmış məlum vəziyyətlə
bağlı Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözçüsü Saleh
İldırım "Həftə içi"nin suallarını cavablandırıb.
- Bilirsiniz ki, İranda bu illər ərzində bir çox daxili narazılıqlar olub
və reyim etirazları yerindəcə boğmaq üçün dərhal elan edib ki,
güya bu, xarici dövlətlərin, o cümlədən Amerika və İsrail
dövlətinin əli ilə planlaşdırılıb. Ona görə də orada baş verən məlum
hadisələrə münasibətdə bu köhnəlmiş ittiham dini rəhbərlik
sistemini əlində saxlayan qüvvələr tərəfindən ortaya atılır. Ancaq
bir məsələ aydındır ki, bu quvvələr baş verən hadisələrin əsl
mahiyyətini pərdələmək və etirazları tez bir zamanda susdurmaq
üçün belə ittihamdan geniş miqyasda yararlanmağa çalışır. Onu da
deyim ki, bu gün İranın siyasi sistemində təmsil olunan qüvvələrin
içində Qərbə baxış mövzusunda kəskin fərq yoxdur. Həm
mühafizəkarlar, həm də özlərini islahatçı kimi tanıtdıran qüvvələr
Qərb demokratiyasını rədd edirlər və buna alternativ olaraq islam
demokratiyasından dəm vururlar. Ancaq bu günə kimi islam
demokratiyasının əsaslarını müəyyən edə bilməyiblər. Fəqət baş
verən olayların gedişatından asılı olaraq bu quvvələrin arasında
Qərbə baxış dəyişə bilər. Bu dəyişmə də yalnız siyasi savaşın necə
aparılmasından asılı olacaq. Hər iki tərəf öz durumlarından asılı
olaraq belə bir gediş edə bilər. Çünki İranda siyasi nüfuz davası
uğrunda gedən proseslər ciddi şəkildə hər iki quvvənin mövqeyini
zəiflədir. Ancaq bu dəyişikliyin daha çox islahatçı adı ilə tanınan
quvvələr tərəfindən edilə biləcəyini istisna etmirəm. Düşünürəm bu
gün belə bir mövqeyin sərgilənməsi mümkün olmayacaq. Çünki
hakimiyyətin əsas gücünü özündə saxlayan quvvələr bu ittihamı
irəli sürməklə əslində bəhanə axtarırlar və əgər islahatçı adlanan
qüvvələr Qərb dövlətlərinə hər hansı mesay verərlərsə, onlar daha
tez məğlub olacaqlar.
- Rusiya mətbuatının Musəvini Qərbin agenti adlandırmasına
münasibətiniz necədir?
- Mir Hüseyn Musəvi keçmiş dini rəhbər Ruhulla Xomeyninin əsl
yolçularındandır. O, baş nazir olduğu zaman 36.000 adamın
edamına imza atıb. İran dövlətinin cinayətkar üzvlərindən biri kimi
Musəvi bu gün ali dini lider Seyidəli Xameneini açıq şəkildə qəbul
etməsə də, İranın əsas qanunlarına həmişə hörmət etdiyini bildirib.
Ola bilsin Musəvi indiki şəraitdə fərqli imicə sahib olan və
demokrat bir şəxs kimi görünsün. Ancaq əgər gedən proseslərin
pərdə arxasına baxsaq, bəlli olur ki, hakimiyyət uğrunda
başladılmış güc savaşında hər hansı demokratikləşməkdən və ya
Qərb dövlətləri ilə açıq münasibətə girməkdən söhbət getmir.
Çünki bu qüvvələr reyimin əsas ideoloğiyasına sadiq qalan
insanlardır və bu ideoloğiya Qərb baxışları ilə daban-dabana ziddir.
Bir misal çəkim, məsələ aydınlaşsın. Bu gün bu savaşın aparıcı
qüvvəsi olan Haşimi Rəfsəncani özü Xubrəqan Məclisinin
başqanıdır. Bu məclis dini rəhbərliyi seçir və Rəfsəncani rəhbərlik
sisteminin idarə olunmasının yalnız şura halında mümkünlüyünü
qeyd edir. Elə İranda baş verən məlum hadisələrin kökündə duran
məsələlərdən biri də budur ki, əgər Musəvi prezident olsaydı,
Rəfsəncani bu istəyinə tez nail olacaqdı. Ona görə də Xamenei
onlardan cəld davrandı və Əhmədineyadı qalib elan etdi. Rusiya
mətbuatının belə bir açıqlamalarda bulunmaları əslində İranda baş
verən hadisələrin tam mahiyyətindən xəbərsiz olmalarından irəli
gəlir. Ancaq onların bir başqa maraqları da ola bilər və o da
bundan ibarətdir ki, bu gün rəngli inqilabların arxasında Qərbin
durmasını bir daha gündəmə gətirməklə onun nüfuzuna zərbə vura
bilsin. Hər halda, nə qədər ki Əhmədineyad bu hakimiyyətin
ideologiyasına bağlıdır, bir o qədər də Musəvi bağlıdır.
- Belə çıxır ki, Rəfsəncani ilə Xamenei arasında münaqişə
mövcuddur.
- Bəli, münaqişə bu kəslər arasındadır. Musəvi Rəfsəncani
tərəfindən himayə olunur.
- İranda aksiyalarıı yatırmaq ücün "Həmas" qüvvələrinin gətirildiyi
də söylənilir...
- 22 may 2006-ci ildə Güney Azərbaycan milli hərəkatını boğmağa
cəhd etdiyi zaman həm "Həmas", həm "Hizbullah", həmçinin
ermənilərdən belə istifadə edildi. Güneydən bizə xəbər gəlirdi ki,
insanlara atəş açanlar ərəb, erməni və fars dilində danışanlardır,
Yadımdadır ki, o zaman Ermənistan Xarici İşlər Nazirliyi Güney
Azərbaycan milli hərəkatını daha tez yatırtırmaq üçün əlavə
qüvvələrin verilməsini də bəyan etmişdi. Ona görə də heç şübhə
yoxdur ki, reyimin tərbiyə etdiyi terrorçu "Həmas" quvvələri bu
olaylarda insanları öldürmək üçün iştirak edirlər.
- Necə proqnozlaşdırırsınız: xalq seckilərin bu nəticələri ilə
razılaşmaq zorunda qalacaqmı?
- İlk olaraq deyim ki, seçkilərdə saxtakarlığın böyük miqyasda
aparılması özü-özlüyündə ciddi bir hadisə olsa da, bu saxtakarlıq
hər zaman İranın bütün seçkilərində baş verib və həmişə də
hakimiyyətdə olan quvvələrin hamısı buna susub. Ancaq əgər bu
gün bu məsələyə etiraz olunursa, deməli, məsələ ancaq seçki və
saxtakarlıq məsələsi deyil. Bu məsələ hakimiyyətdaxili nüfuz
savaşıdır. Onu da deyim ki, bu qüvvələrin hər ikisi eyni
maraqlardan çıxış edir. Ancaq hakimiyyəti ələ keçirmək və
hakimiyyəti idarə etmək üçün yeni proses başlayıb. Düşünürəm hər
iki tərəf geri oturmadan müxtəlif gedişlərə əl atacaq. Çünki olaylar
hər iki tərəfin gözlədiyindən daha da geniş bir miqyasda cərəyan
etdi. Onlar düşünürdülər ki, bu savaşlar sakit, öz işlərində gedəcək.
Ancaq bu belə olmadı, ona görə də hər iki qüvvənin geri çəkilməsi
çətin olacaq.
- Bu məsələyə Güney Azərbaycandakı hərəkatların münasibəti
necədir?
- Güney Azərbaycan milli hərəkatında müxtəlif yanaşmalar var.
Ancaq əsas düşüncə bundan ibarətdir ki, Azərbaycan bu şəraitdən
düzgün faydalanmalı və ancaq öz milli istəklərini əldə etmək üçün
çalışmalıdır. Təbii ki, Güney Azərbaycan milli hərəkatının müstəqil
mövqe sərgiləməsi sox vacibdir və sevindirici haldır ki, hərəkatın
tanınmış simaları yalnız milli hərəkatın güclənməsi istiqamətində
fikir və təklif irəli sürürlər. Biz İran adlanan ölkədə yaranmış
şəraitdə hər hansı bir tərəfin yanında durmadan yalnız milli
hərəkatın hədəflərinə uyğun addım atacağıq. Hər iki tərəfin
zəifləməsi milli hərəkatın daha da güclənməsi anlamına gəlir. Ona
görə də onların daxilində baş verən hadisələr dərinləşdikcə hərəkat
daha rahat şəkildə öz imkanlarını milli savaş üçün səfərbər edə
biləcək. Bu gün Güney Azərbaycan milli azadlıq hərəkatı prosesləri
bütün detalları ilə araşdırır və öz mövqeyini möhkəmləndirir.
- GAİP-in bu məsələ ilə bağlı bütün milli təşkilatlara müraciəti
hansısa effekt verə biləcəkmi?
- Umid edirik müsbət effekt versin. Çünki bu gün Güney
Azərbaycan milli hərəkatı üçün cox ciddi bir vəziyyət yaranıb.
Əgər biz bu vəziyyətdən düzgün faydalansaq, milli hərəkatın
qələbəsi üçün onəmli bir fürsət yarada bilərik. Ona görə də bu
durumda bütün milli təşkilatların və milli fəalların bir mövqedən
çıxış etməsi üçün belə bir cəbhənin qurulması vacibdir. Biz bu
şəraitdə icazə verə bilmərik ki, İranda və bölgədə güc faktoru olan
Güney Azərbaycan hansısa başqa bir hadisənin kölgəsində qalsın.
Ona görə də hesab edirəm millətimizin maraqlarını hər bir şeydən
üstün tutan milli şəxsiyyətlərimiz və təşkilatlarımız bu çağırışa
müsbət yanaşacaqlar.

Elnur